Ana səhifə     Haqqımızda                 
 
İSLAM VƏ QADIN
 
     Quranda qadın
 
     Hədisdə qadın
 
     Tarixdə qadın
 
 
QADIN HÜQUQU
 
     İslam fiqhində
 
     Qanunvericilikdə
 
     Digər dinlərdə
 
 
AİLƏ OCAĞI
 
     Uğurlu nikah
 
     Kişi və qadın
 
     Gəlin-qaynana
 
 
ANALAR BİLMƏLİ
 
     Hamiləlik dövrü
 
     Uşaq sağlamlığı
 
     Uşaq tərbiyəsi
 
 
BAXIMLI QADIN
 
     Gözəllik
 
     Sağlamlıq
 
     Hicab geyimləri
 
 
EVDARLIQ
 
     Əl işləri
 
     1001 məsləhət
 
     Kulinariya məktəbi
 
 
OXU ZALI
 
     Ədəbiyyat
 
     Bizim qələm
 
 
ÇOX OXUNANLAR









Zilhiccə ayı
Təvəssül duası (VİDEO)
«Aşura» ziyarəti - VİDEO
Oruc nədir? (VİDEO)
Məşlul duası
«Nadi Əli» duası
Məşlul duası
"Fərəc" duası
“40 Rabbənə” (Ey Rəbbimiz!) duası - VİDEO
MÜCİR DUASI
 

İSLAM VƏ QADIN >> Quranda qadın
Kövsər - Peyğəmbər yadigarı


Kövsər surəsinin təfsiri
(«Təfsiri Nümunə»dən tərcümə)


Əksər təfsirçilərin nəzərincə Kövsər surəsi Məkkə şəhərində nazil olub. Lakin bəziləri bu surənin Mədinə şəhərində nazil olduğunu güman edirlər. Belə bir fikir də yürüdülür ki, bu surə iki dəfə nazil olub; bir dəfə Məkkə şəhərində və bir dəfə də Mədinə şəhərində. Lakin Kövsər surəsinin nazilolma səbəbi barədə nəql edilən hədislər göstərir ki, bu surə Məkkə şəhərində nazil olub və «Məkki» surəsi adlanır.

Bu surənin nazilolma səbəbini belə şərh edirlər: Bir gün əziz Peyğəmbərimiz (s.ə.s) «Məscidül-Həram»dan çıxdığı vaxt müşriklərin başçılarından biri olan As ibn Vail ona yaxınlaşıb, söhbətə başladı.

Kəbə ətrafında əyləşən Qüreyş başçıları da uzaqdan bu səhnəni müşahidə edirdilər.
As ibn Vail onlara yaxınlaşdıqda soruşdular: «Kiminlə söhbət edirdin?»
O cavab verdi: «O «əbtər» kişi ilə».

Ərəblər oğlu olmayan şəxsə «əbtər» yəni, sonsuz deyirdilər. Əziz İslam Peyğəmbərinin oğlu Abdullah dünyadan getdiyi üçün müşriklər Peyğəmbərə bu ləqəbi qoymuşdular. Kövsər surəsi nazil olub, Peyğəmbəri (s.ə.s) firavan nemət və kövsərlə müjdələdi və onun düşmənlərini «əbtər» adlandırdı.

Tarixə əsasən əziz Peyğəmbərimizin (s.ə.s) İslamın əzəmətli qadını Xədicədən (s.ə) Qasim və Tahir adlı iki oğlu var idi. Tahiri «Abdullah» da çağırırdılar.

Qasim də, Tahir də Peyğəmbər (s.ə.s) hicrət etməmişdən qabaq Məkkədə ikən vəfat etdilər.
Bununla da Peyğəmbər (s.ə.s) oğlan övladlarını itirdi və düşmənləri onu əbtər adlandırdılar.

Peyğəmbərin (s.ə.s) Mariyə Qibtiyyədən İbrahim adlı oğlu var idi və o, hicrətin səkkizinci ili dünyaya gəlmişdi. Lakin İbrahim də iki yaşına çatmamış vəfat etdi və Peyğəmbər (s.ə.s) bu itgiyə çox qəmgin oldu.

Ərəblər oğlan övladını hər bir sahədə atanın davamçısı hesab edib, ona böyük əhəmiyyət verirdilər. Müşriklər elə güman edirdilər ki, Peyğəmbər (s.ə.s) vəfat etdikdən sonra onun oğlan övladı olmadığı üçün gətirdiyi din süqut edəcək və buna görə çox sevinirdilər.

Nəhayət, Kövsər surəsi nazil oldu və onların xəyallarını puça çıxarıb, belə xəbər verdi: «Onun (Peyğəmbərin) düşmənləri əbtər olacaq! İslam dini və Quran hökmləri əsla süqut etməyəcək!»

Bu surədə Peyğəmbərə verilən müjdə bir tərəfdən İslam düşmənlərinin ümidlərini puça çıxarırdı, digər tərəfdən də bu təhqiramiz ləqəbi eşidən Peyğəmbərin qəmgin qəlbinə təskinlik verirdi.

«Kövsər» surəsini oxumağın fəziləti
Bu surəni oxumağın fəziləti barədə Həzrət Peyğəmbər (s.ə.s) buyurub: «Bu surəni oxuyan şəxsi Allah-Taala Cənnət çaylarından axan su ilə sirab edər. Və (Qurban) bayramında kəsilən qurbanların, həmçinin Kitab-əhli və müşriklərin kəsdikləri qurbanların sayı qədər Allah-Taala ona savab yazar». («Məcməul-bəyan», 10-cu cild, 548-ci səh.)
«Kövsər» adı isə bu surənin birinci ayəsində işlənən sözdən götürülüb.

Kövsər surəsi
بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ

Bağışlayan və mehriban Allahın adı ilə.
إِنَّا أَعْطَيْنَاكَ الْكَوْثَرَ

1. Həqiqətən, biz sənə kövsər bəxş etdik!
فَصَلِّ لِرَبِّكَ وَانْحَرْ

2. Ona görə də Rəbbin üçün namaz qıl və qurban kəs!
إِنَّ شَانِئَكَ هُوَ الأبْتَرُ

3. Həqiqətən, onun özü sonsuzdur!

Bu surə «Əz-zuha» və «İnşirah» surələri kimi bütünlüklə Peyğəmbərə olan bir xitabdır. Demək olar ki, bu üç surənin nazilolma səbəbi baş verən kədərli hadisələr və düşmənlərin arası kəsilməyən tənələrinə görə əziz Peyğəmbərimizə təskinlik verməkdir.

Allah-Taala birinci ayədə buyurur:
«Biz sənə kövsər əta etdik!»
«Kövsər» sözünün kökü «kəsrət»dir.
«Kövsər» sözü sifət olub, mənası «firavan və bol nemət» deməkdir. Bəzən səxavətli şəxslərə də kövsər deyilir.

Bu ayədə «kövsər» sözü hansı mənada işlənilibdir?
«Hədislərin birində belə nəql olunur: Kövsər surəsi nazil olduqda Peyğəmbər (s.ə.s) minbərə qalxıb, onu tilavət etdi. O Həzrətin səhabələri soruşdular: «Allah-Taalanın sənə bəxş etdiyi kövsər nədir?» Peyğəmbər (s.ə.s) buyurdu: «Cənnətdə süddən ağ və (büllur) qədəhdən şəffaf bir çaydır. Bu çayın hər iki tərəfində dürr və yaqutdan günbəzlər vardır...» («Məcməul-bəyan», 10-cu cild, 549-ci səh.)

Başqa bir hədisdə İmam Sadiq (ə) belə buyurur: «Kövsər, cənnətdə bir çaydır ki, Allah-Taala, övladını itirdiyinə görə (Peyğəmbərin Abdullah adlı oğlu vəfat etmişdi) onu Peyğəmbərə bəxş etmişdir».

Kövsər sözünün mənası barədə təfsirçilər müxtəlif fikirlər irəli yürüdürlər ki, onlardan bir neçəsini nəzərinizə çatdırırıq:

1) Burada Peyğəmbərə aid olan Kövsər hovuzu nəzərdə tutulur və möminlər cənnətə daxil olduqları zaman o hovuzun suyundan içəcəklər. («Məcməul-bəyan», 10-cu cild, 549-ci səh.)
2) Burada Kövsər, Peyğəmbərliyə işarədir.
3) Kövsər, Qurana işarədir.
4) Kövsər, Peyğəmbərin dost və səhabələrinin çoxluğuna işarədir.
5) Kövsər, övladların çoxluğuna və nəslin davamına işarədir. Peyğəmbərin nəsli, qızı Fatimənin (s.ə) nəsli ilə davam etmiş və etməkdədir. Seyyidlər qiyamətədək Peyğəmbərin (s.ə.s) mübarək vücudunun nişanəsidirlər.
6) Kövsər, bu surədə «şəfaət»in mövcudluğunu bildirir. Bu fikirdə olan təfsirçilər İmam Sadiqdən (ə) nəql olunan hədisə əsaslanıblar.

Fəxr Razi «kövsər» sözünün təfsirində on beş nəzəri qeydə almışdır.
Ümumiyyətlə, demək olar ki, kövsər sözü üçün deyilən təfsirlər bu geniş mənalı sözün kəsb etdiyi müxtəlif mənalardır. Bildiyiniz kimi «kövsər», «firavan nemət» mənasını ifadə edir və Allah-Taala da Peyğəmbərə (s.ə.s) saysız nemətlər bəxş etmişdir. Bu sözün çoxsaylı təfsirinin hər biri də bu nemətlərdən birini vurğulayır. Lakin bu o demək deyildir ki, Peyğəmbərə (s.ə.s) bəxş olunan nemətlər yalnız təfsirlərdə qeyd olunan nemətlərlə məhdudlaşır. Xülasə hər bir cəhətdən Allah-Taalanın Peyğəmbərə (s.ə.s) bəxş etdiyi nemətlər, hətta o Həzrətin döyüşlərdəki qələbələri və ya hər bir dövrdə Quran və İslamı yayan və mühafizə edən onun ümmətinin alimləri də «firavan nemət»ə daxildirlər.

«Kövsər» sözünün müxtəlif təfsirləri, xüsusilə də yaxın və uzaq gələcəyə aid olan mənaları qeybi xəbərlər sırasına daxildir və əziz İslam Peyğəmbərinin (s.ə.s) dəvətinin haqq olduğunu bildirir. Başqa sözlə desək, Allah-Taala «Kövsər» müjdəsini Peyğəmbərinə (s.ə.s) verdiyi vaxt təfsirlərdə deyilən mənalar hələ zahir olmamışdı.

«Kövsər!» Bu böyük nemət üçün şükr etmək lazımdır. Hərçənd ki, yarananın şükrü yaradanın bəxş etdiyi nemətin əvəzini verə bilməz. Hətta şükr etməyi bacarmağın özü Allahın bəxş etdiyi nemətlərdən biridir. İkinci ayədə oxuyuruq: «Ona görə də Rəbbin üçün namaz qıl və qurban kəs!»

«Nemətləri bəxş edən odur! Namaz və qurban kimi ibadi əməllər də yalnız Ona məxsusdur».
Xüsusilə də ayədəki «Rəbb» sözü bu mənanı bir daha təsdiqləyir. Rəbb, idarə edən və himayə edən deməkdir. Bu məna isə nemətlərin davam edəcəyini bildirir.

Bu ayədə bir daha ibadətin yalnız Rəbb olan Allaha məxsus olduğunu vurğulamaqda məqsəd, nemətlərin Allah tərəfindən olduğunu bilən, lakin bütlər qarşısında səcdə edib, qurban kəsən müşriklərə bir növ xəbərdarlıqdır.

Deməli, ayədəki «li-rəbbikə» sözü Allaha xatir ibadət etməyin zəruriliyini bildirir. Təfsirçilərin əksəriyyətinin nəzərincə ayədə buyurulan namaz və qurban, Qurban bayramının namazı və qurbanlığıdır. Lakin ayəyə diqqət yetirdikdə onun ümumi məna ifadə etdiyini görürük. Əlbəttə, Qurban bayramının namazı və qurbanlığı bu ayənin kəsb etdiyi mənalardan biridir.
Felin əmr formasında olan «vənhər» (yəni qurban kəs!) sözünün kökü «nəhr»dir. Bu ifadə ərəb dilində yalnız dəvənin kəsilməsi üçün işlədilir.

Ərəblər dəvənin çoxcəhətli istifadəsi üçün ona böyük əhəmiyyət verirdilər. Odur ki, dəvəni qurban kəsmək böyük fədakarlıq hesab olunurdu. Burada «vənhər» ifadəsinin iki təfsirini nəzərinizə çatdırırıq:
1 «Vənhər», namaz qılarkən üzü qibləyə dayanmağı göstəriş verir. «Nəhr» sözünün leksik mənası «hülqum»dur. Lakin ərəblər bu sözü «qarşı-qarşıya dayanmaq» kimi də işlədirlər. Məsələn, «mənazilunə tətənahəru», yəni, bizim evlərimiz qarşı-qarşıya dayanıb.

2 Bu söz namazın təkbirlərini deyərkən əlləri hülqum və üz səviyyəsində qaldırmağı bildirir. Çünki hədislərin birində oxuyuruq: Bu surə nazil olduqda Həzrət Peyğəmbər (s.ə.s) cənab Cəbrayıldan soruşdu: «Allahımın mənə göstəriş verdiyi «nuhəyrə» nədir?»

(«Nuhəyrə» sözünün mənası «ayın axırıncı günü» deməkdir. Ayın axırıncı günündə fərd yeni ayı qarşılamaq ərəfəsindədir. Odur ki, Peyğəmbərin sözünün mənası belə olacaq: «Allahımın mənə olan «yeni ayı qarşılamaq» göstərişi nə deməkdir?») Cəbrayıl buyurdu: «Bu «nuhəyrə» deyil. Allah-Taala sənə göstəriş verir ki, namazın təkbirətul-ehramını deyərkən əllərini yuxarıya qaldır. Həmçinin rükuya gedərkən, rükudan və səcdədən qalxarkən təkbir dediyin vaxt əllərini yuxarıya qaldır. Çünki bizim və yeddi göyün mələklərinin namazı bu qaydadadır. Hər bir şeyin özünə xas zinəti vardır. Namazın da zinəti təkbirləri deyərkən əlləri yuxarıya qaldırmaqdır». («Məcməul-bəyan», 10-cu cild, 548-ci səh.)

Bu ayənin təfsirində İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə oxuyuruq ki, İmam Sadiq (ə) əllərini qaldırıb buyurdu: «Ayədə buyurulur ki, namaza başlayanda əlləri yuxarıya qaldırın və bu vaxt əlin içi qibləyə tərəf olmalıdır». («Məcməul-bəyan», 10-cu cild, 548-ci səh.)
«Vənhər» ifadəsinin bu iki təfsirindən birincisi daha məqsədəuyğundur. Çünki bu ayədə yalnız Allah üçün namaz qılıb qurban kəsmək əmr olunubdur və məqsəd, Allahdan qeyrisinə ibadət edib, qurban kəsən müşriklərin əməllərinin yalnış olduğunu göstərməkdir. Lakin bu ayənin kəsb etdiyi mənalar və onun təfsiri barədə nəql olunan hədislər heç də ziddiyyətli deyildir. Bir daha xatırlayırıq ki, bu ayə də bir çox başqa ayələr kimi geniş mənaya malikdir və bütün bu mənaları əhatələyir.

Müşriklərin Peyğəmbərə verdiyi ləqəbə görə Allah-Taala üçüncü ayədə buyurur: «Düşmənin özü sonsuzdur!»

«Şaniə» sözünün kökü «zərəban» vəznində olan «şənəan»dır. «Şənəan» düşmənçilik, kin bəsləmək, habelə bu sifətlərə sahib olan şəxsə deyilir.

«Əbtər» isə «quyruğu kəsilmiş heyvana» deyilir. İslam düşmənləri də Peyğəmbərə (s.ə.s) hörmətsizlik məqsədilə bu ləqəbi ona qoymuşdular.

Həmçinin, bu surənin nazilolma səbəbində dediyimiz kimi, Qureyş tayfasının müşrik başçıları Peyğəmbəri sonsuz güman edib onun ölümünü və bununla da İslam dininin süqutunu gözləyirdilər.

İncəliklər
1. «Fatimə» (s.ə) və «Kövsər»
Qeyd etdiyimiz kimi «kövsər» sözü geniş mənaya malik olub, «firavan və bol nemət» deməkdir. Bu sözün kəsb etdiyi mənalar çox saylıdır. Lakin şiə məzhəbinin böyük təfsir alimləri Həzrət Fatimeyi-Zəhranı bu sözün ən aydın nümunəsi hesab edirlər. Onlar, surənin nazilolma səbəbinə əsaslanaraq bildirirlər ki, müşriklər Peyğəmbəri sonsuz adlandırırdılar, Allah-Taala da onların bu yalnış düşüncələrini rədd edərək, buyurdu: «(Ey Peyğəmbər!) Biz sənə kövsər bəxş etdik».

Peyğəmbərin də nəsli onun əziz qızı Həzrət Fatimə (s.ə) vasitəsilə davam etdiyi üçün bu «firavan nemət» Fatimeyi-Zəhraya işarədir.

Bu nəslin övladları təkcə Peyğəmbərin nəslini deyil, o Həzrətin dinini də davam etdirdilər. Onlar İslamın dəyərlərini qoruyub, saxladılar və nəsildən-nəsilə ötürdülər. Bu bəyanda yalnız məsum imamları nəzərdə tutmuruq. Fatimə övladları bütün dünyaya yayılmışdır və onların içindən İslamı qoruyub, saxlamaq naminə fədakarlıq göstərən böyük din alimləri, tanınmış hədisçilər və təfsirçilər, böyük rəhbərlər çıxmışdır.

Burada Fəxr Razinin «Kövsər» sözü barədəki müxtəlif təfsirlərindən birinə nəzər salaq:
Üçüncü nəzər budur ki, bu surə, övlad sahibi olmadığına görə Peyğəmbərə tənə vuran müşriklərə etiraz məqsədilə nazil olubdur. Odur ki, Kövsər surəsi belə bir məna kəsb edir: «Allah-Taala Peyğəmbərinə elə bir nəsil bəxş edəcək ki, o, qiyamətədək davam edəcəkdir».
Tarixə nəzər salın! Görün nə qədər seyyidi Peyğəmbər övladını - şəhadətə yetiriblər. Lakin yenə də dünyanın hər bir guşəsində seyyidə rast gəlirsən.
Amma İslamın qatı düşməni olan Bəni-Üməyyə tayfasından kimsə təqdim edə bilərsiz!»

2. Kövsər surəsinin möcüzəsi:
Bu surədə üç qeybi xəbər mövcuddur:
1) Peyğəmbərə (s.ə.s) «firavan nemət» müjdəsi verilir. (Doğrudur ki, «ətəynə» feli keçmiş zamandadır, lakin ərəb dilinin qrammatikasına əsasən bəzən fel keçmiş zaman formasında yazılsa da qəti gələcək zamanı bildirir.)

Bir qədər öncə qeyd etditimiz kimi bu «bol nemət» Peyğəmbərin əldə etdiyi bütün qələbələrə və müvəffəqiyyətlərə şamil olur. Lakin «Kövsər» surəsi Məkkədə nazil olduğu vaxt bütün bunları əvvəldən təxmin etmək mümkün deyildi.

2) Peyğəmbərin düşmənləri «əbtər» və sonsuzdur. Bu qeybi xəbər də gələcək zamanda baş verdi. O Həzrətin düşmənləri elə darmadağın olublar ki, onlardan heç bir əsər-əlamət qalmayıbdır. Belə ki, Bəni-Üməyyə və Bəni-Abbas, Peyğəmbər (s.ə.s) və onun övladları ilə mübarizəyə qalxdıqları dövrdə nəsillərinin sayı-hesabı yox idi. Lakin bu gün onların nəslindən ya heç kim qalmayıb, ya qalsa da onları heç kim tanımır.

3) Nə üçün Allah-Taala barədə fel cəm şəklində yazılır?
Diqqətə layiqdir ki, «İnna ətəynakəl kəvsər» ayəsində və Quranın bir çox başqa ayələrində Allah-Taala, «mən» deyil, «biz» deyə buyurur: «Həqiqətən, biz sənə firavan nemət əta etdik!»

Cavab budur ki, bu kimi ifadələr əzəmət və qüdrəti bildirir. Çünki başçı və rəhbər özü barədə danışdığı vaxt, təkcə özünü deyil, tabeçiliyində olanları da nəzərdə tutur. Bu isə qüdrət, əzəmət və onun əmrlərinə itaət edən məmurların varlığını bildirir.

Xülasə «ətəynakə» ifadəsi bildirir ki, Allah-Taala artıq «kövsəri» yəni «firavan neməti» Peyğəmbərinə bəxş etmışdir. Bu, Peyğəmbər (s.ə.s) üçün böyük bir müjdə idi. Allah-Taala İslam düşmənlərinin tənələri qarşısında Peyğəmbərinə təskinlik verir və onu ruhdan düşməkdən qoruyur. Peyğəmbərinə müjdə verir ki, bütün nemətlərin mənbəyi olan Allah, «firavan neməti» ona bəxş etmişdir.

İlahi! Peyğəmbərinə bəxş etdiyin bu «firavan nemət»in bərəkətindən bizə də bəxş et!
İlahi! Özün şahidsən ki, biz Sənin Peyğəmbərinin və onun pak nəslinin aşiqiyik. Bizi qiyamət günü onların sırasında həşrə qaldır!

İlahi! Sənin Peyğəmbərin (s.ə.s) və onun gətirdiyi din əzəmətlidir. Daim onun əzəmətini və şövkətini artır!
Materialdan istifadə etdikdə WWW.KOVSER.AZ saytına istinad zəruridir!
 


Namaz vaxtı
Subh azanı
Günəş çıxır
Zöhr azanı
Məğrib azanı
Gecə yarısı
Aylıq namaz cədvəli
 
 
Xəbər arxivi
<< 2017 >>
<< Sentyabr >>
B.e Ç.a Ç C.a C Ş B
010203
04050607080910
11121314151617
18192021222324
252627282930
 

Konvertor

 
 
Kəbə canlı
 
 
Bizə yazın
Adınız:
E-poçtunuz:
Mövzu:
Mətn: