Ana səhifə     Haqqımızda                 
 
İSLAM VƏ QADIN
 
     Quranda qadın
 
     Hədisdə qadın
 
     Tarixdə qadın
 
 
QADIN HÜQUQU
 
     İslam fiqhində
 
     Qanunvericilikdə
 
     Digər dinlərdə
 
 
AİLƏ OCAĞI
 
     Uğurlu nikah
 
     Kişi və qadın
 
     Gəlin-qaynana
 
 
ANALAR BİLMƏLİ
 
     Hamiləlik dövrü
 
     Uşaq sağlamlığı
 
     Uşaq tərbiyəsi
 
 
BAXIMLI QADIN
 
     Gözəllik
 
     Sağlamlıq
 
     Hicab geyimləri
 
 
EVDARLIQ
 
     Əl işləri
 
     1001 məsləhət
 
     Kulinariya məktəbi
 
 
MÜXTƏLİF
 
     Ədəbiyyat
 
     Bizim qələm
 
     Tarixi günlər-video
 
 
ÇOX OXUNANLAR




Rəcəb ayının fəzilət və əməlləri
Yorğunluğa necə qalib gəlməliyik
Vətəni sevmək imandandır
Özünüzə inanırsınızmı?
Hicabın müsbət təsirləri
Hicab nə deməkdir
Hicab hifz olunması vacib olan dəyərlərimizdəndir
Hər səhnəsində bir ibrət dərsi olan ömür
İstedadlı insanların sirrləri
 

AİLƏ OCAĞI >> Uğurlu nikah
Psixoloqlara görə xoşbəxtliyin səkkiz şərti


Ailə xoşbəxtliyi mürəkkəb fenomendir, ancaq onun sosial-psixoloji şərtləri çox sadədir. Bu şərtləri öyrənmək və onlara ailə həyatının pozulmaz qaydaları kimi əməl etmək zəruridir. Gəlin həmin şərtlərlə tanış olaq:

1. Ailə həyatı ilə yaşamaq lazımdır. Bu sözlər həm ərə, həm də arvada eyni dərəcədə aiddir. Onlardan heç biri özünü həyat yoldaşından, uşaqlarından ayırmamalı və öz ömründə onların ömrünü yaşamalıdır. Ər-arvad ailənin sevinc və kədərini birlikdə yaşamalı, bir-birinin zövqünü, marağını və arzusunu nəzərə almalı, bir-birinin qayğısına qalmalı, asudə vaxtlarını bir yerdə mənalı keçirməli, öz xoşbəxtliklərini uşaqların səadətində axtarmalıdırlar.

2. Ər-arvad özlərinə övladlarının gözü ilə baxmalıdır. Ər-arvad bir-birinə təkcə ər-arvad kimi deyil, birinci növbədə, ana və ata kimi yanaşmalı və özlərinə övladlarının gözü ilə baxmalıdırlar. Biz bu yolla, eyni zamanda uşaqlarımızın psixi sağlamlığını qorumuş oluruq. Çünki onların əhvalı ana və atanın ovqatından asılıdır. Ata-ana münasibəti ər-arvad münasibətindən daha kövrək, daha ülvi və müqəddəsdir. Qadından arvad kimi küsmək mümkündürsə, ondan ana kimi küsmək olmaz. Küsən zaman uşaqlarınızın gözünə baxsanız, dərhal səhv etdiyinizi başa düşəcəksiniz. Ata evə gec gələndə, uşaqlar nigarançılıqdan yata bilmirlər. Onlarca belə misallar göstərmək olar. Yuxarıda sadalanan nümunələrdən bu nəticəni almaq olar: uşaqlar min tellə ana və ataya bağlıdır. Kökü uşağın qəlbində olan bu telləri qırsanız, onları ancaq bədbəxt edərsiniz.

3. Xoş ünsiyyət. (Yəni söz-söhbətsiz, giley-güzarsız, ixtilafsız ünsiyyət.) Bu əlamətlərə görə ailə xoşbəxtliyinin sirlərini müxtəlif istiqamətlərdə təhlil etmək olar. İki səciyyəvi hala diqqəti xüsusilə cəlb etmək lazımdır.
Ailə münasibətlərini, xərçəng kimi, içindən didən-dağıdan birinci halı deyingənlik adlandırıblar. Deyingənlik təkcə ailədə deyil, bütün sosial qruplarda insanları bezdirir, təngə gətirir, bir-birindən soyudur, hisslərini öldürür, şəxsi münasibətlərini dəyişir. Deyingən adamdan hamının zəhləsi gedir, ondan gen qaçır, uzaq dururlar.
Deyingən və çox danışan arvad əsrlər boyu nağılların, rəvayətlərin mənfi qəhrəmanı olmuşdur. «Fatma gəldi, qaç» nağılını xatırlayın. Xalq müdrikliklə belə bir fikri psixolji cəhətdən tamamilə düzgün ifadə etmişdir: qadının həmişə nədənsə narazı olması, ailədə sülhü, sakitliyi, əsl xoşbəxtliyi pozur və evə kədərli, soyuq, ab-hava gətirir. Kişilər isə buna əhəmiyyət vermir, qadının nədən narazı olması ilə maraqlanmırlar. Əgər maraqlansaydılar, xoşbəxt, qılıqlı, xoş sözlü-söhbətli günlər ailə həyatında daha çox olardı. Bəs, deyingən kişilər necə? Onlar da evdə böyüyün-kiçiyin gününü qara edirlərmi? Görəsən, kişilər nə üçün deyinirlər?
Həssas qadın həmişə belə suala cavab axtarır, evdə yersiz söz-söhbətin olmamasına çalışır. Ancaq o, öz təcrübəsində bir həqiqəti gec-tez kəşf edib tapır ki, kişi deyinməyə sadəcə olaraq adət edib, deyinməsə darıxar. Belə hallarda qadın nə etməlidir? Hövsələ ilə çalışmalıdır ki, kişinin hər sözünü söz etməsin.
Psixoloqlar isə imkan daxilində deyinməməyi məsləhət görürlər.
İkinci hal da, əslində deyingənliklə (bu və ya digər dərəcədə) bağlıdır. Biz ərin və ya arvadın bir-birini danlamasını, tənqid etməsini nəzərdə tuturuq. Ərin və ya arvadın bir-birini danlaması və ya tənqid etməsi əslində onun ailədəki statusu və ilk növbədə, ailə başçısı statusu ilə bağlıdır. Ənənəvi ailədə, hansı formada olursa-olsun, arvadı danlamaq, məzəmmət etmək, tənqid etmək, irad tutmaq hüququ, sözün əsl mənasında, kişiyə məxsus idi. Görəsən, bütün kişilər özlərinin bu hüququndan yerli-yersiz istifadə edirdilərmi? Şübhəsiz ki, yox! Arvadı danlamaq, məzəmmət və tənqid etmək şəxsiyyət məsələsidir. Yetkin kişi arvadının insan ləyaqətinə hörmətlə yanaşaraq, onu uşaq yerinə qoyub yerli-yersiz danlamaq və ya məzəmmət etmək yolu tutmaz.
Ərini yerli-yersiz danlayan, məzəmmət edən qadınlar da, az deyildir. Bir sosioloji tədqiqat zamanı müəyyən olunmuşdur ki, rəyi öyrənilmiş qadınların 67%-i ərini kənar adamların yanında məzəmmət edirlər. Onları yalnız 13,3%-i buna təəssüflənir və özünə haqq qazandırmır.
Müasir ailədə qadın statusunun köklü surətdə dəyişilməsi özlüyündə böyük sosial nailiyyət olsa da, onun gözləmədiyimiz əlavə nəticələri də olub. Onlardan biri bəzi qadınların ərini uşaq yerinə qoyub danlaması, məzəmmət və tənqid etməsi ilə bağlıdır. «Bəzi» ifadəsinə diqqət yetirin: əsl qadınlar üçün belə hallar səciyyəvi deyildir. Onlar ərlərinin kişi ləyaqətinə hörmətlə yanaşır, həyat yoldaşlarına daha səmərəli yollarla təsir göstərirlər.
İlk baxışda təəccüblü olsa da, ərini danlayan, məzəmmət edən qadınlara ən çox ali təhsilli qadınlar içərisində təsadüf olunmuşdur. Məhz onların böyük əksəriyyəti kişini danlamağı, məzəmmət etməyi adi hal hesab edir, hətta bəzən təəccüblə çiyinlərini də çəkir: «kişini danlayanda nə olar ki, zəri tökülər?»-deyirlər. Belə nəticəyə gəlmək olar ki, əri danlamaq bu və ya digər dərəcədə təhsillə bağlıdır. Lakin məsələyə sosial-psixoloji baxımdan yanaşsaq, bu izahatla razılaşa bilmərik. Ali təhsilli qadınların böyük əksəriyyəti həyat yoldaşına hörmətlə yanaşır, onun kişi ləyaqətini uca tutur. Məsələnin kökü ali təhsil almış bəzi qadınların öz hüquq və vəzifələrini düzgün başa düşməmələri ilə bağlıdır.
Ər-arvad bir-birini nə üçün danlayır, nəyi irad tutur? Onların öz sözləri ilə desək, bu zaman guya bir-birini tərbiyə etmək istəyirlər. Bu mümkündürmü? Əvvəla, əri və ya arvadı yenidən tərbiyə etməyə çalışmaq və bunun mümkünlüyünü güman etmək faydasızdır. İkincisi, ər və ya arvad özünün mənfi xüsusiyyətləri ilə nə qədər seçilsə də, hər halda bütün insanlar kimi təkrarolunmazdır. Onlar mənfi xüsusiyyətlərlə yanaşı, müsbət məziyyətlərə də malikdirlər. Ər və arvadla ünsiyyət zamanı bu müsbət xüsusiyyətlərə diqqət yetirmək, onlara arxalanmaq daha düzgün olar. Üçüncüsü adamlar özləri haqqındakı rəyə həmişə həssas olur, onların barəsində pis təsəvvür yaradanların hücumundan özlərini qorumağa can-başla səy göstərirlər. Ailə həyatında da, təsir əks təsirə bərabərdir, yəni ər və ya arvad öz həyat yoldaşının yersiz iradına, məzəmmətinə, danlağına, bir, iki, və ya üç dəfə dözür, dördüncü dəfə isə cavab qaytarır. Beləliklə də, tədricən pərdə aradan götürülür. Ər və ya arvad, yalnız həyat yoldaşına nəzakətlə yanaşdıqda, ondan da haqlı olaraq nəzakət gözləyə bilər.

4. Həyat yoldaşının əhval və ovqatına həssaslıqla yanaşmaq lazımdır. Onun sevincinə şərik olmaq, dərdilə yaşamaq gərəkdir. Ailədə insanlar öz-özünə doğmalaşmırlar. Onlar bir-birinin hisslərini yaşaya-yaşaya bir-birini dərk edir, bir baxışla dərd-sərlərini anlamağı öyrənirlər, sevirlər, sevilirlər. Həyat yoldaşının hisslərini bütün zərifliyi ilə başa düşmək və ona həyan olmaq əslində ər-arvadlıq istedadıdır.
Psixologiyada başqa adamın sevincini, dərd-sərini sezməyə, ona şərik olmağa, bu emosional halların təsiri ilə yaşamağa empatiya (empateya – latın sözü olub, «hisslərlə yaşama» mənasında işlədilir) deyilir. Onun kökünü rəğbət hissi təşkil edir. Tanımadığımız, ancaq xoşladığımız, bəyəndiyimiz adamların halına belə, tez acıyırıq. Ər-arvad bir-birilə məhəbbət telləri ilə bağlandığı üçün, onların münasibətlərində empatiya daha parlaq ifadə olunmalıdır. Lakin onlar illər keçdikə ər-arvadlıq ömrünə isinişib öyrəşir, hər şeyə adi gözlə baxır, bəzən mehrlərini daha çox uşaqlara salırlar; bir çox hallarda isə ər-arvadlılıq hissləri məişət qayğıları axınında, emosional adaptasiya qanunları üzrə bu və ya digər dərəcədə korşalır.
Qadınlar, xüsusilə öz şəxsiyyətlərinin qiymətləndirilməməsi hallarına son dərəcə həssaslıqla yanaşırlar. Ailə münasibətlərində bu cəhət, xüsusilə aydın nəzərə çarpır. Kişilərin də öz iddia səviyyəsi var: onlar həmişə öz arvadlarının gözündə ən güclü, ən ağıllı kişi kimi görünmək istəyirlər. Ailə həyatının öz müqəddəs qanunları var: ailə həyatında təkcə tamaşaçı mövqeyində durub ərin (və ya arvadın) dərd-sərinə şərik olmaq çox azdır, ona həmçinin gündəlik qayğı, kömək və nəvaziş də göstərmək lazımdır.
Vəfalı, sevib-sevilən ömür-gün yoldaşı insanın evinin dirəyi, könlünün həmdəmi, qəlbinin hərarətidir. Sevildiyini hiss edən qadının həm özü, həm həyat yoldaşı, həm də uşaqları xoşbəxtdir. Məhəbbəti məhəbbətlə qazanmaq olar – hisslərin sehri, möcüzəsi belədir. Ər də, arvad da sevildiyini, istənildiyini hiss etməlidir. Bu, kövrək bir hissdir –onu itirən insan bəxtəvər ola bilməz.

5. Etibar. Ər və ya arvad bir-birinə etibar etməli, inanmalıdır. Etibar olmayan yerdə sədaqət də, vəfa da öz dəyərini itirir. Ər arvada, arvad da ərə inanmadığı üçün bir-birində bu qiymətli keyfiyyətləri görmürlər, görsələr də onu başqa meyarlarla qiymətləndirirlər.
Birgə ailə həyatının ilk günündən (daha dəqiq desək, ülfət bağlanan gündən) ər-arvad özünün düzlüyü, doğruçuluğu ilə bir-birinin etibarını qazanmalıdır. Həmişə səmimi olmaq, həyat yoldaşından heç nəyi gizlətməmək, hər şeyi açıq etiraf etmək, yalan danışmamaq lazımdır. Ər və ya arvad gec-tez bir-birinin əməllərini başa düşür, onlardan hər hansı biri həyat yoldaşı tərəfindən addımbaşı aldadıldığı qənaətinə gəlirsə, ailə münasibətləri saxtalaşmağa başlayır: qısqanclıq, ər və ya arvadı güdmə, telefon söhbətlərinə qulaq asma, cibini və ya çantasını xəlvəti axtarmaq və kim bilir daha nələr, ailə həyatının ab-havasını tədricən zəhərləyir.

6. Bir-birini anlama. Ər-arvadın bir-birini başa düşməsi onların sədaqəti ilə
bağlıdır. Lakin bu iki amili eyniləşdirmək olmaz. Ailə münasibətlərinin inkişafında onlardan hər birinin öz yeri vardır. Əgər insan özünü başqasının yerinə qoyursa, onun niyyəti, hissləri, davranışı haqqında fikir yürütməyə başlayır. Ərin arvadı başa düşməsi – onun özünə münasibətlərini dərk etməsi deməkdir. O, öz həyat yoldaşının hərəkətlərini təhlil edir, onların səbəblərini özü başa düşdüyü kimi aydınlaşdırır: ya onu doğma adam sanır, inanır, haqq qazandırır, ya da doğma adam hesab etmir, inanmır, haqq qazandırmır. Birinci halda, ər-arvadın ünsiyyətinə xələl gəlmir, ikinci halda isə onların normal ünsiyyəti çətinləşir: ər arvadı və əksinə, arvad əri qıcıqlandıran sözlər danışır, onun hörmət-izzətini saxlamır. Ərlə arvadın bir-birini başa düşməsi və anlaması ailənin normal həyatı üçün olduqca zəruridir. Sosioloqlar, bütün insanların xoşbəxtliyə psixoloji meyarlarla yanaşdıqlarını müəyyənləşdirmişlər. Müdrik kişilər və qadınlar bu cəhəti qeyd etmişlər: xoşbəxtlik odur ki, səni işdə və evdə başa düşsünlər, sevsinlər və qiymətləndirsinlər.

7. Normal intim həyat. Ər-arvad münasibətləri, kişi ilə qadının psixologiyasını köklü surətdə dəyişir. Onlar ülfət bağladıqları anlardan özlərinin yalnız bir-birilərinə mənsub olduqlarını qəbul edirlər. Ər-arvadda qəribə həssaslıq əmələ gəlməyə başlayır, onlar başqa adamların, hətta öz doğma övladlarının yanında pərdə gözləyir, özlərini ər-arvaddan daha çox ata-ana kimi aparırlar… Halbuki, ər-arvad həyatının çox mühüm bir sahəsi, onların intim münasibətləri ilə bağlıdır. Məhz bu münasibətlər sahəsində ərlə-arvad bir-birini təmin etmədikdə, ailədə söz-söhbət, dava-dalaş üçün şərait yaranır, ailə münasibətləri tədricən pozulmağa başlayır, kişi və ya arvad evdən soyuyur, hətta kişinin gözü onun-bunun ocağında qalır. Həkimlər bunu seksual uyğunsuzluq kimi qiymətləndirirlər. Mütəxəssislərin hesablamalarına görə, boşanmaların təxminən 30%-i məhz seksual uyğunsuzluq zəminində baş verir.
Ərlə arvadın intim həyatına adi məsələ kimi yanaşmaq olmaz. Bu baxımdan iki cəhəti xüsusi qeyd etmək lazımdır. Birincisi: bütün adamlarda yeməyə, yuxuya, soyuqdan, yaxud həddindən artıq istidən qorunmağa və s. tələbat olduğu kimi, əks cinsə də tələbat var. Bunlar təbiidir. Təbii tələbatların bütün növləri heyvanlar üçün də səciyyəvidir. Lakin bir mühüm cəhəti həmişə nəzərə almaq lazımdır: insanın təbii tələbatları, özünün psixoloji məzmununa və təminolunma formalarına görə, heyvanların təbii tələbatından köklü surətdə fərqlənir. Çünki insanın tələbatı cəmiyyətdə, konkret tarixi şəraitdə formalaşıb və inkişaf etdiyindən, tələbatların məzmunu da, təminolunma vasitələri də, cəmiyyətin inkişaf səviyyəsi ilə şərtlənir. Mədəni və mənəvi tələbatlar formalaşdıqca, təbii tələbatlar da insaniləşir, daha çox mənəvi-estetik məzmun kəsb edir.
İkincisi: seksual tələbat insanın təbii tələbatları içərisində xüsusi yer tutur. Bu isə təsadüfi deyildir. İnsanın cinsi həyatı, onun başqa bioloji funksiyalarından fərqli olaraq, məhz başqa adama münasibət sahəsi ilə bağlıdır. İki adamın – kişi və qadının, ər və arvadın münasibəti isə sosial münasibət məsələsidir.
Ailənin intim aləmi, ər-arvada insan münasibətlərinin özünəməxsus hərarətini bəxş edir. Bu münasibətlər qarşılıqlı məhəbbətə əsaslananda, daha da gözəlləşir, insan ünsiyyətinin fərəhli anlarına çevrilir.
Görkəmli mütəfəkkirlər intim münasibətlərdə qadının roluna böyük məna vermişdir. O özünün qadın gözəlliyinin cazibəsini qoruyub saxlamalıdır. Yaşı, peşə sahəsi, təhsil səviyyəsi çərçivəsində səliqə-səhmanlı olmalıdır. İntim münasibətlərin nəcibləşdirilməsi də, qadının davranış və rəftarı ilə bilavasitə bağlıdır. Jan Jak Russo əxlaqi-fəlsəfi «Yuliya» və ya «Yeni Elioza» romanında yazırdı: «…ən sədaqətli qadınlar, adətən ərlərinin ixtiyarını öz əllərində daha çox saxlayırlar, onlar nə şıltaqlıq edir, nə də ərlərini rədd edirlər, ancaq ağıllı və incə təmkinlilik sayəsində öz ərləri ilə çox zərif rəftar edib, onları müəyyən məsafədə saxlamağı bacarır və heç vaxt doymağa qoymurlar».
Ər-arvadın intim həyatı, əslində onların ömür-gün yolunun bütün çalarlarını özündə əks etdirir. Kişilər həmişə öz həyat yoldaşlarından mehribanlıq, qılıqlı, zərif rəftar gözləyirlər. Halbuki, onların öz həyat yoldaşlarını qiymətləndirə bilmək və sevmək bacarığı ailənin intim həyatı üçün olduqca zəruridir. Qadının öz gözəlliyini qoruyub saxlaması da, elə ərin qayğı və mehribanlığından bilavasitə asılıdır.
Ailənin intim aləmində fizioloji və psixoloji çalarlar özünəməxsus şəkildə birləşir. Ərlə arvadın bir şəxsiyyət kimi xüsusiyyətləri, onların qarşılıqlı münasibətlərinin məhz psixoloji çalarlarında əks olunur. Onlar bu anlarda bir-birilərinə nə qədər yaxın olduqlarını dərk edir, bir yerdə özlərini sözün əsl mənasında xoşbəxt hiss edirlər. Əgər ər-arvad bu kövrək hissi ömürləri boyu qoruyub saxlaya bilsələr, evdə ailə münasibətlərinin inkişafı üçün əlverişli şərait yaranar.

8. Və… öz evlərinin olması. Psixoloqlar bu məsələdən danışarkən «Ev» sözünü böyük hərflə təsadüfən yazmırlar: burada söhbət hər hansı bir yaşayış sahəsindən deyil, ailə münasibətlərini öz hərarəti ilə isidən doğma evdən gedir. Bu ocaq bənzərsizdir, təkrarolunmazdır. Onun səliqə-səhmanı, ab-havası ilə bir xalqın psixologiyası, bir ailənin psixologiyasına hopur.
Təzəbəy və təzə gəlin, çox vaxt ailə qurduqdan sonra, valideynləri ilə birlikdə yaşayırlar. Ər-arvad münasibətlərinin formalaşdığı ilk dövrlərdə bu, bəlkə də zəruridir. Yaşlılar – təzəbəy və ya gəlinin anası və atası, həmçinin bacı və qardaşları onların bir-birinə isinişməsində az rol oynamırlar. Lakin «ata yurdu», «ana ocağı» nə qədər şirin olsa da, bu doğma divarlar arasında gənc ər-arvad, özünü psixoloji baxımdan hər halda asılı hiss edir, sıxılır, həyatını istədiyi kimi qura bilmir, istər-istəməz valideynlərin həyat tərzinin axarına düşsələr də, onunla uyuşmaqda psixoloji cəhətdən çətinlik çəkirlər: el-elə sığar, ev evə sığmaz.
Müdrik ata-analar bu cəhəti həmişə qabaqcadan görüblər. Onlar qohum-qonşunun təcrübəsində inanıblar ki, uşaqlar böyüdükcə yolları da haçalanır. Onlardan hər biri gec-tez öz taleyini, öz kişi və ya qadın ömründə öz ailəsinin – həyat yoldaşının və uşaqlarının taleyini yaşayacaqdır. Bu, əslində həyatın öz məntiqidir. Gənc ailə də, dünyaya yenicə göz açmış uşaq kimi, nə vaxtsa bələkdən çıxmalıdır, iməkləməyi, yıxıla-yıxıla yeriməyi öyrənməlidir. Həmçinin nə vaxtsa, üz-göz olub, inciyib ayrılmaqdansa, vaxtında ayrı yaşamaq, ev-eşik sahibi olmaq yaxşıdır. Elimizin-obamızın gözəl adət və ənənələri var: «uşaqlara» vaxtında ev-eşik düzəldib, ərsəyə çatan kimi böyük «uşaqları» ayırarlar. Evin kiçik oğlunu-sonbeşiyini evləndirəndə isə onu ayırmırlar. Kiçik oğul ata-anaya həyan olur, ata yurdunda qeyrətlə çıraq yandırır, onun ab-havasını öz ailəsinin ömründə yaşadır.


Materialdan istifadə etdikdə WWW.KOVSER.AZ saytına istinad zəruridir!
 


Namaz vaxtı
Subh azanı
Günəş çıxır
Zöhr azanı
Məğrib azanı
Gecə yarısı
Aylıq namaz cədvəli
 
 
Xəbər arxivi
<< 2018 >>
<< Aprel >>
B.e Ç.a Ç C.a C Ş B
0102
03040506070809
10111213141516
17181920212223
24252627282930
 

Konvertor

 
 
Kəbə canlı
 
 
Bizə yazın
Adınız:
E-poçtunuz:
Mövzu:
Mətn: